Nizami Zamanov, “Access Trans” şirkətində müştərilərlə iş üzrə mütəxəssis
- Biz “Nəqliyyat, Tranzit və Loqistika” (“TransCaspian”) sərgisində ikinci dəfə iştirak edirik və əminik ki, bu tədbir ötən sərgi ilə müqayisədə daha genişmiqyaslı olacaq, daha çox sayda iştirakçı və ziyarətçiləri cəlb edəcəkdir. Bizim əsas məqsədlərimiz şirkətin xidmət və üstünlüklərini təqdim etmək və beləliklə də, yeni müştəriləri cəlb edərək şirkətimizin nüfuzunu möhkəmləndirməkdir.
Onu da qeyd edim ki, “Access Trans” şirkəti nəqliyyatın 4 əsas növündən - hava, dəniz, avtomobil və dəmiryol nəqliyyatlarından istifadə etməklə, istənilən növ yükün müxtəlif istiqamətlər üzrə daşınması məqsədi ilə beynəlxalq multi-modal yük daşımalarını həyata keçirir. Şirkətin strateji fəaliyyət istiqamətinə Avropa-Qafqaz-Asiya (TRASECA) və “Şimal-Cənub” nəqliyyat dəhlizləri üzrə xidmət göstərilməsi daxildir.
Şirkətin əsas prioritetlərindən biri müştərilərə fərdi yanaşma, eləcə də sifarişlərin istənilən şəraitdə qüsursuz yerinə yetirilməsidir. Bu isə bizə yükün növündən asılı olaraq və müştərini əlavə yükdaşıma xərcləri və vaxt itkisindən azad etmək üçün (daşıma müddəti və çatdırılma şərtlərini nəzərə almaqla) daha məqsədəuyğun nəqliyyat vasitəsini seçmək imkanı verir. Bazar ilə bağlı obyektiv biliklər, vəziyyətin düzgün təhlili və yükdaşıma prosesinə səriştəli nəzarət müştərilərimizə rəqabətli mübarizədə üstünlük verir.