"TransCaspian" sərgisi - 15 il ərzində Azərbaycanda nəqliyyat sektorunun inkişafına verilən dəyərli töhfə"

"TransCaspian" sərgisi - 15 il ərzində Azərbaycanda nəqliyyat sektorunun inkişafına verilən dəyərli töhfə"

11 may 2016 0000

11 may tarixində Bakı Ekspo Mərkəzində Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” (“TransCaspian 2016”) sərgisi öz işinə başladı. Sərgi bu il özünün 15 illik yubileyini qeyd edir və bu da regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, habelə yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis edilməsinə imkan yaradan mühüm nəqliyyat forumunun əhəmiyyətini göstərir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc.” şirkətləri çıxış edirlər.

2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev nəqliyyatı idarəetmə sistemlərinin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun nəqliyyat xidmətlərinin genişləndirilməsi, sərnişindaşımaya nəzarətin gücləndirilməsi, nəqliyyatdakı hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədi ilə nəqliyyat sahəsində islahatların keçirilməsinə istiqamətlənmiş əlavə tədbirlər haqqında sərəncam imzaladı. Nəqliyyat sahəsində çalışan yerli və xarici şirkətlərin sərgiyə göstərdikləri maraq bunu bir daha sübut edir.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov tədbirin təşkilatçıları və fəxri qonaqlarını yubiley münasibəti ilə təbrik edərək, hər il daha da genişlənən və bütün sənayenin inkişafına layiqli töhfə verən bu tədbirin aktuallığını və əlamətdarlığını ön plana çəkdi. Nazirin sözlərinə əsasən, son illərdə müasir innovasiya və texnologiyaların tətbiqi, mühəndislik sahəsi üzrə həll variantlardan istifadə edilməsi nəticəsində yol-nəqliyyat strukturu xeyli inkişaf etmişdir. Z. Məmmədov həmçinin vurğuladı ki: “- Mən sərgidə nümayiş olunan məhsul, xidmət və avadanlıqların xarici mütəxəssisləri maraqlandıracağına və beynəlxalq əməkdaşlıqların qurulmasına kömək edəcəyinə şübhə etmirəm”.

Artıq bizim ölkəmiz beynəlxalq nəqliyyat-tikinti sənayesində özünü doğrultmuşdur.  Hazırda Azərbaycanda “Bakı-Tbilisi-Qars”, dəniz limanı və “Şimal-Cənub”, eləcə də “Şərq-Qərb” dəhlizlərinin tikintisi kimi meqa-layihələr uğurla həyata keçirilir.

“Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov sərgiyə daim dəstək verdiyinə görə nəqliyyat nazirliyinə minnətdarlıq etdi və yubiley “TransCaspian” sərgisinin dünyanın 9 ölkəsini təmsil edən 75 şirkəti bir arada topladığını vurğuladı. 15 il ərzində “TransCaspian” sərgisində dünyanın 30-dan artıq ölkəsini təmsil edən təxminən 700 şirkət iştirak edib. Bu il debütantlar ümumi sərgi iştirakçılarının 40%-ni təşkil edirlər.

Ənənəvi olaraq, sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi dövlət nəqliyyat strukturları da iştirak edirlər. Yerli və xarici eksponentlər isə sərgidə aşağıdakı sektorlar üzrə müvafiq texnologiya və avadanlıqları təqdim edirlər: hərəkət heyəti və dəmiryol infrastrukturu, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, eləcə də nəqliyyat-loqistika xidmətləri.

Eyni zamanda, sərginin işgüzar proqramı çərçivəsində “AVP Texnologiya” şirkəti tərəfindən “Dəmiryol avadanlıqları” mövzusuna həsr olunmuş seminar keçiriləcək.

 

Sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Bu ildən etibarən, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası da sərgiyə dəstək göstərir.

“TransCaspian” sərgisi 6-cı Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road & Traffic 2016”) və 3-cü Xəzər Beynəlxalq “Kater və Yaxtalar” (“CIBS 2016”) sərgiləri ilə eyni platformada keçirilir. Bu sərgilərdə Azərbaycan, Danimarka, Niderland Krallığı, Türkiyə, Rusiya, Sinqapur, Fransa və Çexiyanı təmsil edən 30 şirkət iştirak edir.

Regionun ixtisaslaşmış aparıcı tədbiri olan “Road&Traffic” sərgisində yol, körpü və tunellərin layihələndirilməsi, tikintisi, eləcə də yol-tikinti avadanlıq və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üzrə vasitələr, yolların işarələnməsi üçün avadanlıqlar, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı sahələri üzrə xidmətlər təklif olunur.

 

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN