Yeganə İslamzadə, “BOS SHELF” şirkətinin logistika üzrə aparıcı koordinatoru
Bu sərgidə iştirak etməyimizin əsas məqsədi həm təchizat, həm də logistika baxımından yeni əməkdaşlıq imkanlarını araşdırmaq, yeni əlaqələr qurmaq və mövcud tərəfdaşlarla münasibətləri daha da möhkəmləndirməkdir. Sərgini gəzərkən xüsusilə birbaşa Çinlə çalışan şirkətlər diqqətimizi cəlb etdi. Bildiyiniz kimi, bu gün bir çox məhsul və avadanlıq məhz Çin bazarı ilə əlaqəlidir. Bu baxımdan sərgi birbaşa əlaqələrin qurulması və yeni tərəfdaşların tapılması üçün gözəl fürsətdir. Bundan əlavə artıq bir sıra yerli şirkətlərlə də görüşlər keçirmişik. Belə tədbirlər həm mövcud əməkdaşlıqları inkişaf etdirmək, həm də yeni biznes əlaqələri qurmaq üçün çox faydalıdır. Bu gün dünya logistikasında ciddi dəyişikliklər baş verir, nəqliyyat marşrutları yenidən formalaşır. Bu dəyi şiklikləri və yenilikləri sərgidə izləyə bilirik. Bizə imkanlar məhdud görsənə bilər, amma bu işlə birbaşa məşğul olan peşəkar şirkətlər tapdıqları alternativləri bizə təqdim edə bilərlər. Məsələn, yeni marşrutlar, əlverişli qiymətlər və s. Bazardakı yenilikləri izləmək və fərqli yanaşmaları öyrənmək baxımından bu bizim üçün çox vacibdir. Hesab edirəm ki, bu cür sərgilər yeni tərəfdaşlar qazanmağa və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməsində böyük rol oynayır.