Sərgi biznesin inkişafı üçün çox lazımi və vacib fürsətdir
3 i̇yun 2026
0000
“GLT Transport” şirkətinin directoru Durdanə Səfərova
Şirkətimiz Türkiyənin nəqliyyat-logistika şirkətinin Azərbaycandakı nümayəndəliyidir. Baş ofisimiz İstanbulda yerləşir. Bundan əlavə, Polşa, Azərbaycan və Çində ofislərimiz fəaliyyət göstərir. Şirkət beynəlxalq yükdaşımaları və kompleks logistika xidmətləri sahəsində fəaliyyət göstərir. Azərbaycan, Türkiyə, Rusiya, Çin, Avropa ölkələri və Mərkəzi Asiya arasında ixrac və idxal daşımalarının təşkilini həyata keçiririk.
Biz avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı vasitəsilə beynəlxalq daşımaların bütün növlərini təşkil edirik. Geniş tərəfdaş şəbəkəmiz və beynəlxalq ofislərimiz sayəsində müştərilərimizə müxtəlif istiqamətlər üzrə kompleks logistika həlləri təqdim edirik.Azərbaycan ofisimiz təxminən bir il əvvəl fəaliyyətə başlayıb. Bu müddət ərzində yerli bazarda özümüzü uğurla tanıda bilmişik.
Belə sərgilərdə iştirak etmək yeni tərəfdaşlarla tanış olmaq, mövcud əlaqələri möhkəmləndirmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Sərgi çərçivəsində bir çox xarici şirkətlərlə görüşlər keçirdik. Xüsusilə Belarus və Çin şirkətlərinin nümayəndələri tərəfindən fəaliyyətimizə böyük maraq göstərildi. Bundan əlavə, Türkiyə, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrindən gələn iştirakçılarla da məhsuldar müzakirələr apardıq. Çoxlu əlaqələr qurmuşuq.
Gələcək planlarımıza gəldikdə isə, Orta Dəhlizin açılması ilə əlaqədar bütün nəqliyyatçılar kimi biz də bunun üzərində çalışırıq və Çin ofisimizin açılması ilə əlaqədar öz gücümüzü möhkəmləndiririk. Orta Dəhlizin tam potensialı ilə fəaliyyət göstərməsi nəticəsində Avropa ilə Asiya arasında yükdaşımalarında daha fəal iştirak etməyi və bu istiqamətdə strateji mövqeyimizi möhkəmləndirməyi planlaşdırırıq. Əlbəttə ki Zəngəzur dəhlizi də açıldıqda öz strateji yerimizi tutmaq üçün çox aktiv addımlar atılacaq. İnanırıq ki, bizim şirkət qarşıdakı illərdə regionun nəqliyyat-logistika sektorunda daha mühüm rol oynayacağıq. Əminliklə deyə bilərəm ki, növbəti illərdə də bu cür sərgidə iştirk edəcəyik. Bu biznesin inkişafı üçün çox lazımi və vacib fürsətdir.