Translogistica Caspian – nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və inkişafı
3 i̇yun 2026
0000
İyunun 3-də Bakı Ekspo Mərkəzində nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və nümayişi üçün platformaya çevrilən 22-ci Xəzər Beynəlxalq "Nəqliyyat, Tranzit və Loqistika" (Translogistica Caspian) sərgisi öz işini başa vurub. Üçgünlük sərgidə Azərbaycan, Belarus, Gürcüstan, Hindistan, Çin, Rusiya Federasiyası, Türkiyə və İsveçrədən olan şirkətlər iştirak ediblər.
Translogistica Caspian sərgisi bütün Avrasiya regionundan olan peşəkarları cəlb edərək loqistika və nəqliyyat sahəsində aparıcı tədbirlərdən biri kimi özünü təsdiqləyib. Bu effektiv meydança nəqliyyat sektorunun Dəmir yolu infrastrukturu, Nəqliyyat-loqistika xidmətləri, Dəniz sənayesi, Aviasiya və Kommersiya nəqliyyatı kimi istiqamətlərini bir araya gətirib. Tədbir Azərbaycanın və region ölkələrinin dövlət nəqliyyat qurumlarının rəhbərləri və mütəxəssisləri ilə görüşmək üçün unikal imkan yaradıb. Sərginin gedişində nəqliyyat texnologiyalarının ən son nailiyyətləri nümayiş etdirilib, ziyarətçilər perspektivli dövlət infrastruktur layihələri ilə tanış olublar, potensial müştərilər məhsulların yeni satış kanallarını tapıblar, sahənin peşəkarları isə dəmir yollarının, dəniz limanlarının, loqistika mərkəzlərinin, aerodromların tikintisi, vaqon istehsalı və gəmiqayırma sahəsində təcrübə mübadiləsi apara biliblər.
Translogistica Caspian daşıyıcılarla yük sahiblərinin görüşü üçün işgüzar meydança olaraq, Xəzər və Zaqafqaziya regionunda nəqliyyat-loqistika xidmətlərinin effektiv şəkildə təşviqinə xidmət edib. Yerli və xarici bazar iştirakçıları layihənin ekspozisiyasını yüksək qiymətləndiriblər.
Qlobal ticarət marşrutlarının sürətlə dəyişdiyi və nəqliyyat çağırışlarının artdığı bir şəraitdə, Azərbaycan mühüm rol oynamağa başlayır və Avrasiyanın əsas nəqliyyat qovşağı kimi öz mövqelərini fəal şəkildə möhkəmləndirir. 2025-ci ilin yanvar ayında nəqliyyat məsələlərinə həsr olunmuş iclasda Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat infrastrukturunun inkişafı və tranzit marşrutlarının optimallaşdırılması ilə bağlı problemlərin həllinin vacibliyini vurğulayıb. Bu kontekstdə "Nəqliyyat, Tranzit və Loqistika" beynəlxalq sahə sərginin rolu daha da artır.
Sərgi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının (ASTA) dəstəyi ilə keçirilib. Translogistica Caspian sərgisinin qızıl sponsoru "Railgo" şirkəti olub.
Yük daşımaları və loqistika xidmətləri sektoru "Abşeron Logistika Mərkəzi", "İkra Logistika", "CJ ICM Logistics", "Sara Logistics" şirkətləri, Hindistanın "Palsun Maritime India Limited" beynəlxalq nəqliyyat-loqistika şirkəti, Çinin "Bir qurşaq, bir yol" təşəbbüsündə iştirak edən "Qingdao Fengtie International Logistics Co., Ltd" şirkəti və digərləri tərəfindən təmsil olunub. Sərgidə ilk dəfə olaraq nəqliyyat və loqistika sahəsində dünya lideri olan "Mediterranean Shipping Company" (MSC) şirkəti iştirak edib.
Translogistica Caspian sərgisi çərçivəsində yerli və xarici şirkətlərin iştirakı ilə B2B və B2G formatlı görüşləri, həmçinin müxtəlif mövzu tədbirlərini və müzakirələri əhatə edən zəngin işgüzar proqram təşkil olunub. "Azərbaycanda elektromobillər üçün infrastrukturun inkişafı", "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması", "Xəzər regionunda multimodal daşımalar: effektiv nəqliyyat loqistikasının təmin edilməsində perspektivlər və çağırışlar" mövzularında panel müzakirələri keçirilib. Müzakirələrdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası, "Azərbaycan Dəmir Yolları" QSC, "Gürcüstan Dəmir Yolu" Səhmdar Cəmiyyəti, Türkiyə Respublikası Dövlət Dəmir Yolları (TCDD), "Moldova Dəmir Yolları" Dövlət Müəssisəsi və "KTZ-Express" nümayəndələri iştirak ediblər.
Translogistica Caspian layihəsi sayəsində dövlət və özəl sektorlar arasında əməkdaşlıq genişlənib, nəqliyyat və loqistika sahəsində innovativ yanaşmaların tətbiqi təkmilləşib ki, bu da bütövlükdə sənayenin inkişafına töhfə verir. Bu cür qarşılıqlı fəaliyyət iqtisadi artıma müsbət təsir göstərir və beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyanı sürətləndirərək "Orta Dəhliz", TRACECA və "Bir qurşaq, bir yol" təşəbbüsləri çərçivəsində biznesin inkişafı üçün unikal imkanlar yaradır.
Tədbirin diqqətçəkən məqamlarından biri də burada təkcə kommersiya şirkətlərinin deyil, həm də dövlət qurumlarının iştirak etməsidir. Bu il sərgidə Dövlət Gömrük Komitəsi, "Azərbaycan Dəmir Yolları" QSC, həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) öz stendləri ilə təmsil olunublar. Bundan əlavə, Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi və Belarus Dəmir Yolu da sərgidə stendlərlə iştirak edib.
Tədbirin təşkilatçıları "Caspian Event Organisers" şirkəti və beynəlxalq tərəfdaşlar qismində "ICA Events" və "CEM FZ LLC" şirkətləridir.