"TransCaspian" böyük biznesə aparan körpüdür
4 i̇yun 2025
0000
Rza Abbasoğlu,
“Abbasoglu Lojistica” şirkətinin direktoru:
Rəhbərlik etdiyim şirkət Ələt limanında liman xidmətləri təklif edir. Regionun aparıcı nəqliyyat-logistika sərgisi olan "TransCaspian" sərgisində iştirakımız işgüzar mühitə daha dərindən nüfuz etmək, Azərbaycanın və xarici ölkələrin aparıcı daşıyıcılarının toplandığı platformanı yaxından öyrənmək istəyimizlə bağlıdır.
Bir çox yerli şirkətlərlə artıq yaxşı tanışıq və səmərəli əməkdaşlıq edirik. Amma bu sərgi bizim üçün bir məkanda toplanaraq gündəmin aktual mövzuları ətrafında ünsiyyət qurmaq üçün əla imkanlar yaradır. Gündəlik iş rejimində hətta tərəfdaş şirkətlərin rəhbərləri ilə belə görüşmək həmişə mümkün olmur. Burada isə bu fürsət tam şəkildə reallaşır. Bundan əlavə, builki sərgidə xüsusilə Çin kimi tranzit daşımalar üzrə dövriyyəmiz getdikcə artan ölkələrdən olan bir çox yeni xarici şirkətlərin iştirakını qeyd etmək olar.
Yeni nəqliyyat dəhlizlərinin yaradılması bizim üçün böyük perspektivlər açır. Dəniz limanında fəaliyyət göstərdiyimizi nəzərə alsaq, tranzit yük dövriyyəsinin artması birbaşa olaraq fəaliyyətimizə müsbət təsir göstərir.
Sərgidən, onun təşkilatçılığından və iştirakçı şirkətlərin təmsilçiliyindən çox razıyıq. “Abbasoglu Lojistica” gənc bir şirkətdir və "TransCaspian" bizim üçün böyük biznesə aparan özünəməxsus bir körpüdür.