İyunun 6-da Bakı Ekspo Mərkəzində 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika = “Translogistica Caspian” Sərgisi işini başa çatdırıb. Tədbir 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərini, həmçinin Bakı Enerji Forumunu özündə birləşdirən Bakı Enerji Həftəsi çərçivəsində keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin sərgi pavilyonlarını ziyarət etməsi daşıma texnologiyalarının ən son nümunələrinin nümayiş etdirildiyi “Translogistica Caspian”ın əhəmiyyətini vurğulayıb.
Üç gün davam edən sərgidə Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İsveçrə, Qazaxıstan, Latviya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan ixtisaslaşmış şirkətlərin nümayəndələri və menecerləri iştirak ediblər.
Azərbaycanın mühüm nəqliyyat qovşağı kimi rolunu müəyyən edən əsas aspektlər “Translogistica Caspian” sərgisinin aktuallığını təmin edib. Qafqaz dağları ilə Xəzər dənizinin kəsişməsində yerləşən Azərbaycan Avropa və Asiya arasında etibarlı nəqliyyat marşrutları mərkəzidir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi olan ölkəmiz Çin və Avropa arasında yüklərin Xəzər dənizi vasitəsilə daşınmasını təmin edir.
Logistika sahəsində fəaliyyət göstərən sahibkarların böyük marağına səbəb olan tədbir onlara nəqliyyat sənayesinin əsas istiqamətlərini, logistika proseslərinin optimallaşdırılmasını və təchizat zəncirinin idarə edilməsi proseslərində İT həllərinin tətbiqini təhlil etmək imkanı yaradıb.
KİV nümayəndələri ilə ünsiyyət zamanı bir çox xarici iştirakçılar Azərbaycanın neft və qaz kimi enerji resursları sayəsində enerji tranziti üçün inkişaf etmiş infrastruktura malik olduğunu vurğulayıblar. Ölkə, eyni zamanda, yeni yolların tikintisi, limanların genişləndirilməsi və dəmir yolu sisteminin təkmilləşdirilməsi kimi nəqliyyat infrastrukturunun inkişafı layihələrinə fəal şəkildə investisiya yatırır.
Sərgi çərçivəsində yerli və xarici şirkətlərin iştirakı ilə B2B və B2G formatlarında məhsuldar işgüzar görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr keçirilib.
Tədbirin təşkilatçısı “Iteca Caspian” və “Caspian Event Oraganisers” şirkətləri, habelə onların beynəlxalq tərəfdaşları – “ICA Events”, CEM FZ LLC şirkətləridir