TransLogistica Caspian: Azərbaycan — Avrasiyanın nəqliyyat-logistika mərkəzi
1 i̇yun 2026
0000
1 iyun tarixində Bakı Ekspo Mərkəzində 23-cü Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi — TransLogistica Caspian öz işinə başlayıb. Tədbir 31-ci “Xəzər Neft və Qaz” Beynəlxalq sərgisi — Caspian Oil and Gas, 14-cü Xəzər Beynəlxalq “Təmiz Enerji” sərgisi — Caspian Power və 31-ci Bakı Enerji Forumunu bir araya gətirən Bakı Enerji Həftəsi çərçivəsində keçirilir.
Azərbaycanın bu sahədə artan strateji rolu beynəlxalq səviyyədə də öz təsdiqini tapır. Belə ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin əsas daşımalar qovşağı kimi rolunun getdikcə gücləndiyini xüsusi vurğulayıb. Məhz bu kontekstdə nəqliyyat və logistika sahəsində keçirilən beynəlxalq ixtisaslaşmış sərgilərin əhəmiyyəti daha da artır.
“TransLogistica Caspian” sərgisi müasir nəqliyyat həllərinin təqdim olunduğu, sənaye nümayəndələri arasında əməkdaşlıq imkanlarının genişləndirildiyi və logistika sahəsində aktual məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platformadır. Tədbir Avrasiya məkanının nəqliyyat və logistika sahəsi üzrə peşəkarlarını bir araya gətirən ən önəmli beynəlxalq görüş məkanı kimi çıxış edir.
Sərgiyə “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir. Bu ilki sərgidə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə, Rusiya Federasiyası, Litva və Lüksemburqdan olan şirkətlər iştirak edirlər.
Yükdaşıma və logistika xidmətləri sektoru “Abşeron Logistika Mərkəzi”, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası, “Aznur Logistics”, “GLT Transport”, “Heritus Logistics”, “Sara Logistics”, “Yüktaksisi.az MMC”, Çindən “CHANGSHA TRANSASIA TRANSPORT INTERNATIONAL LOGISTICS CO., LTD” və digər şirkətlər tərəfindən təmsil olunur. Sərgidə həmçinin dünya miqyasında nəqliyyat və logistika sahəsinin lider şirkətlərindən biri olan “Mediterranean Shipping Company” (MSC) də iştirak edir. Bununla yanaşı, Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi və Belarus Dəmir Yolları da tədbirdə iştirak edir.
Sərgi çərçivəsində dövlət və özəl sektor arasında formalaşan əməkdaşlıq nəqliyyat və logistika sahəsində innovativ yanaşmaların tətbiqinə, infrastrukturun inkişafına və sektorun davamlı böyüməsinə mühüm töhfə verir. Bu qarşılıqlı fəaliyyət regional inteqrasiyanın gücləndirilməsi və iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Sərgi çərçivəsində geniş işgüzar proqram təşkil olunur, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, tematik tədbirlər və sənaye üzrə müzakirələr keçirilir.
3 iyun 2026-cı il tarixində “TransLogistica Caspian” beynəlxalq sərgisi çərçivəsində “Radisson Hotel Baku”da 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçiriləcək. “TransLogistica Caspian Forum” beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə olunduğu peşəkar platforma rolunu oynayır.
“TransLogistica Caspian” sərgisinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ LLC” şirkətləridir.