Translogistica Caspian: nəqliyyat sektorunun əsas istiqamətləri

Translogistica Caspian: nəqliyyat sektorunun əsas istiqamətləri

4 i̇yun 2024 0000

İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi ilə paralel keçirilən 21-ci Xəzər Beynəlxalq “Nəqliyyat, tranzit və logistika” Translogistica Caspian sərgisinin açılışı olub. Ənənəvi “TransLogistica Caspian” sərgisi uzun illərdir ki, əsas diqqəti nəqliyyat və logistika sektorunun istiqamətlərinə yönəldir və ölkənin nəqliyyat qovşağı kimi mühüm rolunu bir daha vurğulayır.

Bakı Enerji Həftəsinin açılış mərasimində Böyük Britaniyanın “Ica Group” şirkətinin müşaviri Stiven Murtay tədbir iştirakçılarına təşkilatçıların adından müraciət edib. Cənab Murtay 30 il əvvəl məşhur “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan “Xəzər Neft və Qaz” sərgisinin tarixinə ekskursiya edib. Onun sözlərinə görə, enerji sektorunun bu əsas forumunun təməli məhz sözügedən əlamətdar hadisə ilə qoyulub. Cənab Murtay Azərbaycanın böyük beynəlxalq tədbirlərin təşkilində rolunu vurğulayıb və bunun ölkə rəhbərliyinin proqressiv siyasətinin və dünya miqyasında Azərbaycana artan hörmətin sübutu olduğunu qeyd edib. Sonda məruzəçi dəyərli tərəfdaşlığa verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qonaqlar və sərgi iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış nitqini böyük maraqlı dinləyiblər. Azərbaycan Prezidenti çıxışında respublikanın neft tarixində yeni dövrün əsasını qoyan məşhur “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulayıb.

Məhz bu tarixi sənəd Azərbaycanın enerji strategiyasının əsas tendensiyasını müəyyən edən fundamental amilə çevrilib. Həmin vaxtdan artıq 30 il keçib. Ölkəmiz uzun illər ərazimizin bir hissəsinin separatçılar tərəfindən işğalı və çoxlu sayda məcburi köçkünün olması fonunda müstəqilliyinin fəal şəkildə bərpası şəraitində inkişaf edib.

Neft hasilatının qlobal miqyasda inkişafı Azərbaycana əhəmiyyətli investisiyalar cəlb edib, iqtisadi inkişafa və sosial siyasətə müsbət təsir göstərib. Dünyanın böyük dövlətlərinin ölkəmizə diqqəti ildən-ilə daha da artır.

2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əlamətdar hadisə ilə üst-üstə düşür. Belə ki, bu il Azərbaycanda dövlət səviyyəsində “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilib.

Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin bütün sahələrdə sarsılmaz olduğunu qeyd edib. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin ənənələri Xəzər regionunda və Avropada enerji təhlükəsizliyi uğrunda mübarizənin səmərəliliyinə mühüm töhfə verib. Cənab nazir regional layihələrin, xüsusən də nəqliyyat marşrutlarının aktiv inkişafının vacibliyini də vurğulayıb.

COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir enerji dünyasının məşhur simalarını bir araya gətirən bu tədbirin əhəmiyyətini qeyd edib. Avrasiyanın enerji təhlükəsizliyi uğrunda mübarizədə Azərbaycanın ciddi uğurlarını nəzərə çatdıran COP28-in prezidenti müasir reallıqlara uyğun olaraq neft hasilatı problemlərinin həlli və beynəlxalq peşəkar əlaqələrin inkişafı baxımından çoxtərəfli səylərin vacibliyini vurğulayıb.

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian çıxışı zamanı ABŞ-Azərbaycan əməkdaşlığının perspektivlərini qeyd edib. Dövlət Departamentinin nümayəndəsi Azərbaycanda həyata keçirilən layihələrin inkişaf effektini, həmçinin

Azərbaycanın iqtisadiyyat və “yaşıl ekologiya” sahəsində əsas qlobal təşəbbüsləri təşviq etmək bacarığını vurğulayan ABŞ Prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlanmış müraciətini oxuyub. O qeyd edib ki, bu gün Azərbaycan öz enerji tarixində yeni səhifə açır. Harri Kemianın sözlərinə görə, ekoloji cəhətdən təmiz enerji ilə bağlı bu yeni səhifə bütün regionun rifahına töhfəsini verəcək.

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması üzrə İşçi Qrupunun direktoru Kristina Lobillo Azərbaycan ilə Avropanın iqtisadi təşkilatları və nümayəndəlikləri arasında strateji tərəfdaşlığın səmərəliliyini qeyd edib. Onun sözlərinə görə, qarşıya əsas məqsəd kimi qoyulan Azərbaycan qazının Avropaya nəqlinə nail olmaq istiqamətində çoxlu işlər görülüb. Kristina Lobillo, eyni zamanda, Azərbaycanın bərpa olunan enerji mənbələri və atmosferə zərərli emissiyaların azaldılması baxımından layiqli təşəbbüslərini diqqətə çatdırıb.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Prezident İlham Əliyevin neft hasilatı tarixində müstəsna rolunu vurğulayıb. Cənab Haysam Əl-Qays zəngin faydalı qazıntı mənbələrinə malik ölkələrin əhəmiyyətini və iqtisadi səmərəliliyini qeyd edib. Bu dövlətlərin qlobal sabitliyin təmin edilməsində oynadığı rolu layiqincə qiymətləndirmək lazımdır. Çünki resurslar dünyaya xidmət edir, bütün bəşəriyyətin rifahına yönəlib. Şübhəsiz ki, OPEK enerji resurslarının hasilatının inkişafı baxımından Azərbaycanın işləyib hazırladığı iqtisadi layihələri və təşəbbüsləri dəstəkləyir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera insan sağlamlığı və iqlim baxımından təhlükəsiz sabaha yönəlmiş beynəlxalq layihələrdə əməkdaşlığın zəruriliyini qeyd edib. Bu baxımdan bərpa olunan enerji mənbələrinin tətbiqi və təşviqi böyük əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi problemlərinin həllinə ciddi yanaşma qloballaşmanın vahid ideyası və prinsipləri ilə birləşən regionların çoxvektorlu fəaliyyətini tələb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə keçirilən Neftçala, Biləsuvar və Abşeron-Qaradağ rayonlarında günəş elektrik stansiyalarının rəmzi təməlqoyma mərasimindən sonra sərgi pavilyonlarına VIP tur baş tutub.

Tədbirdə Azərbaycan, Almaniya, Qazaxıstan, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Türkiyə, Ukrayna, Fransa və İsveçrədən şirkətlər iştirak edir. Uğurla təşkil olunmuş sərgiyə marağın artması ilə bu il iştirakçı ölkələrin sırasına Almaniya, Latviya və Amerika Birləşmiş Ştatları da daxildir.

Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, yeni əməkdaşlıqlara imza atmaq, yeni şirkətlərin fəaliyyəti ilə tanış olmaq, potensial müştərilərə çıxış əldə etmək və digər çoxsaylı unikal imkanlar yaradır.

Sərgi çərçivəsində faydalı işgüzar proqram təşkil ediləcək, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr baş tutacaqdır. Tədbir zamanı "Sürətli və təhlükəsiz logistikada rəqəmsal gömrük dəstək mexanizmləri", “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan

populyarlığı”, “Radioaktiv maddələrin nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi”, “Orta Dəhliz: perspektivlər və çağırışlar” və s. mövzularda panel diskussiyaları keçiriləcəkdir.

“TransLogistica Caspian” sərgisi nəqliyyat sektorunun bir çox sahələrini birləşdirən səmərəli platformadır. Ənənəvi olaraq bu ilki tədbirdə də aviasiya, dəmiryol infrastukturu, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, sərgi bir sıra yeni istiqamətləri əhatə edəcəkdir. Logistika proseslərinin optimallaşdırılması, orta və böyük biznes üçün proqram təminatının hazırlanması və İT həllərin tətbiqi, eləcə də təchizat zəncirinin idarə edilməsi proseslərinin avtomatlaşdırılması üçün proqram təminatının hazırlanması kimi mövzular, şübhəsiz, yeni və faydalı müzakirələrə yol açacaqdır.

“TransLogistica Caspian” sərgisinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir. Sərginin qızıl sponsoru qismində “Railgo” şirkəti çıxış edir.

Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ LLC” şirkətləridir.


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN