1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində region üçün strateji əhəmiyyət daşıyan “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi öz işinə başlayıb.
Azərbaycanın tranzit potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən iri infrastruktur layihələri, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və logistika imkanlarının modernləşdirilməsi ölkəmizi Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib. Azərbaycanın bu sahədə artan strateji rolu beynəlxalq səviyyədə də öz təsdiqini tapır. Belə ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin əsas daşımalar qovşağı kimi rolunun getdikcə gücləndiyini xüsusi vurğulayıb.
“Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq”, – deyə Prezident İlham Əliyev qeyd edib.
Məhz bu kontekstdə nəqliyyat və logistika sahəsində keçirilən beynəlxalq ixtisaslaşmış sərgilərin əhəmiyyəti daha da artır. “TransLogistica Caspian” sərgisi müasir nəqliyyat həllərinin təqdim olunduğu, sənaye nümayəndələri arasında əməkdaşlıq imkanlarının genişləndirildiyi və logistika sahəsində aktual məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platformadır. Tədbir Avrasiya məkanının nəqliyyat və logistika sahəsi üzrə peşəkarlarını bir araya gətirən ən önəmli beynəlxalq görüş məkanı kimi çıxış edir.
Sərgiyə “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir.
Üç gün davam edəcək sərgidə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə, Rusiya Federasiyası, Litva və Lüksemburqdan olan şirkətlər iştirak edirlər. Yükdaşıma və logistika xidmətləri sektoru “Abşeron Logistika Mərkəzi”, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası, “Aznur Logistics”, “GLT Transport”, “Heritus Logistics”, “Sara Logistics”, “Yüktaksisi.az MMC”, Çindən “CHANGSHA TRANSASIA TRANSPORT INTERNATIONAL LOGISTICS CO., LTD” və digər şirkətlər tərəfindən təmsil olunur. Sərgidə həmçinin dünya miqyasında nəqliyyat və logistika sahəsinin lider şirkətlərindən biri olan “Mediterranean Shipping Company” (MSC) də iştirak edir. Bununla yanaşı, Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi və Belarus Dəmir Yolları da tədbirdə iştirak edir.
“TransLogistica Caspian” sərgisi Azərbaycanın və region ölkələrinin dövlət nəqliyyat qurumlarının rəhbərləri, sənaye mütəxəssisləri və biznes nümayəndələri ilə bir araya gəlmək, nəqliyyat texnologiyalarının ən son nailiyyətlərini nümayiş etdirmək, yeni tərəfdaşlıqlar qurmaq və perspektivli infrastruktur layihələri ilə tanış olmaq üçün unikal platformadır. Sərgi çərçivəsində dövlət və özəl sektor arasında formalaşan əməkdaşlıq nəqliyyat və
logistika sahəsində innovativ yanaşmaların tətbiqinə, infrastrukturun inkişafına və sektorun davamlı böyüməsinə mühüm töhfə verir. Bu qarşılıqlı fəaliyyət regional inteqrasiyanın gücləndirilməsi və iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır.
3 iyun 2026-cı il tarixində “TransLogistica Caspian” beynəlxalq sərgisi çərçivəsində “Radisson Hotel Baku”da 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçiriləcək. “TransLogistica Caspian Forum” beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə olunduğu peşəkar platforma rolunu oynayır.
Forum çərçivəsində praktik təcrübə mübadiləsinə və konstruktiv dialoqa yönəlmiş “Nəqliyyat və logistika tədarük zəncirlərinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi” və “Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri” mövzularında panel sessiyaları keçiriləcək. Sessiyaların sponsorları müvafiq olaraq “Food City AgroComplex” və “166 Global” şirkətləridir.
Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının (FFAA) həmtəşkilatçısı olduğu Forumda yerli məruzəçilərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Litvadan olan xarici spikerlər də çıxış edəcəklər.
Qlobal logistika marşrutlarının transformasiyası və artan rəqabət fonunda “TransLogistica Caspian” sərgisində iştirak sektorda lider mövqeyini gücləndirmək istəyən şirkətlər üçün mühüm əhəmiyyət daşıyır. Sərgi beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar yaradır, tərəfdaşlıq əlaqələrinin qurulmasına şərait yaradır və Orta Dəhliz, TRACECA və “Bir Kəmər, Bir Yol” təşəbbüsləri çərçivəsində biznesin inkişafına dəstək verir.
Sərgi çərçivəsində geniş işgüzar proqram təşkil olunur, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, tematik tədbirlər və sənaye üzrə müzakirələr keçirilir.
“TransLogistica Caspian” sərgisinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ LLC” şirkətləridir.
Tədbirin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu olan PAŞA Bank çıxış edir. Tərəfdaşlar arasında “Absheron Hotel Group”, “Accurate MMC” və “Bilbord.al” şirkətləri yer alır. “TransLogistica Caspian” sərgisi haqqında ətraflı məlumatları daim yenilənən www.translogistica.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.