Bakı, 13 may, Gülnar Bəşirova, AZƏRTAC
Mayın 13-də Bakı Expo Mərkəzində “Azərbaycan Dəmir Yolları” QSC və İsveçrənin “Stadler Rail Group” şirkəti “TransCaspiang-2015” beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalayıblar.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yollarında reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, yeni elektrik qatarlarının alınması “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin rahatlığını təmin etmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfərdir. Oturacaqların sayı isə 396-dır. Onun da 84-ü biznes sinfinə aiddir.
Qeyd olunub ki, tərəflər arasında danışıqlar artıq uzun müddətdir aparılır. Əldə olunmuş razılığa əsasən, ilk 2 qatar bu ilin iyun ayında Azərbaycana gətiriləcək. Həmin qatarlar da I Avropa Oyunlarının keçiriləcəyi müddətdə Olimpiya stadionu yaxınlığında yerləşən dəmir yolu stansiyası ilə Bakı dəmir yolu vağzalı arasındakı sahədə istismara buraxılacaq. Sonuncu qatarların 2016-cı ilin yanvar ayınadək Azərbaycana gətirilməsi nəzərdə tutulub. Bundan sonra həmin 5 elektrik qatarı Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolu sahəsində istismara buraxılacaq və “Stadler Rail Group” şirkəti tərəfindən qatarların istismarda olduğu ilk 2 ayda maşinistlərə təlim keçiləcək.