Vitaliy Sidorov, “Transmaş” Moskva Əyləc Zavodunun marketinq departamentinin rəhbəri
- “TRANSMAŞ” Moskva Əyləc Zavodu dəmir yolları və metropolitenin hərəkət heyətinin təhlükəsiz hərəkətini təmin edən əyləc sistemlərinin çox effektli komponentlərinin Rusiyada aparıcı və ən təcrübəli layihəçisi, istehsalçısı və təchizatçısıdır. Şirkətin məhsulları Sovet İttifaqında geniş istifadə edilib və hələ də Rusiya və MDB ölkələrində təxminən iki milyon yük vaqonunda və demək olar ki, 50 min lokomotivdə tətbiq edilir. Onların hamısı bizim zavodun əyləc sistemləri ilə təchiz edilib.
Biz Azərbaycan ilə fəal əməkdaşlıq edirik. Ölkənin vaqon xidməti bizim komponentləri, əyləcləri yoxlamaq üçün nəzarət stendlərini tədarük edir. Bakı metropolitenində istismar edilən “Mıtişin” vaqon zavodunun vaqonları da bizim əyləc sistemləri ilə təchiz edilib. Bu gün bir sıra yenilikləri təqdim edirik. Onların arasında lokomotivlər üçün blok sistemlərini qeyd etmək istəyirəm. Əvvəllər tətbiq edilən qovşaq sistemlərindən fərqli olaraq bu, bütün cihazların bir blokla yığıldığı maşinist kabinəsindəki vahid sistemdir. Maşinist sistemi idarəetmə qolu (“coystik”) ilə idarə edir, sistem isə qovşaq və mexanizmlərin işi ilə yanaşı, gözlənilməz vəziyyətdə maşinistin sağlamlıq vəziyyətinə də nəzarət etmək imkanı verir.
Biz (müəyyən fasilələrlə) sərgidə daim iştirak etmişik və bu gün bizim tapşırığımız “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC-nin nümayəndələrini yeni məhsullar ilə tanış etmək, əməkdaşlığı genişləndirmək məsələləri üzrə zəruri görüşlər keçirmək və danışıqlar aparmaqdan ibarətdir. Sərgi isə bunun üçün geniş imkanlar yaradır.