Peter Şpuler, “Stadler Rail Group” şirkətinin Baş direktoru
– Azərbaycan bizim üçün yeni ölkə və böyük perspektivli bazar olsa da, Beynəlxalq “Nəqliyyat, tranzit və loqistika” (“TransCaspian”) sərgisi bizim şirkət üçün çox vacibdir. Buna görə də biz “TransCaspian” kimi genişmiqyaslı və mühüm ekspozisiyada iştirak etməyi şirkətimiz üçün çox vacib hesab edirik.
Bu gün biz sərgi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC üçün hər biri 4 vaqondan ibarət olan 5 ədəd ikimərtəbəli qatarın təmin edilməsinə dair 60-70 milyon avro dəyərində mühüm müqavilə imzaladıq. Hər qatarın sərnişin tutumu 919 nəfərdən ibarətdir və ümumilikdə, hər qatarda (84-ü “biznes-klas” kateqoriyalı olmaqla) 396 oturacaq var. Bu kimi qatarlar artıq Almaniya, Avstriya, İsveçrə, Lüksemburq, Rusiya kimi ölkələrdə istismara verilib və artıq Azərbaycanda da istifadə ediləcək.
İlk iki qatar artıq 2015-ci ilin iyun ayında Birinci Avropa Oyunları ərzində paytaxtın dəmiryol vağzalı ilə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən “Koroğlu” metro stansiyası arasında hərəkət edəcək. Qalan qatarlar isə Azərbaycana 2016-cı il yanvar ayının sonlarında gətiriləcək. Avropa Oyunları başa çatdıqdan sonra bütün bu qatarların Bakı-Sumqayıt dəmir yolunda istifadə edilməsi planlaşdırılır.
Eyni zamanda, Gəncə şəhərində Avropa texnologiyasını Azərbaycan istehlakçısına daha da yaxın edən və bizim şirkətlə Azərbaycan bazarı arasında əlaqələri dərinləşdirməyə imkan yaradan vaqonqayırma zavodunun (Azərbaycan tərəfi ilə birgə) tikintisini də xatırlatmaq istəyirəm.