Donata Panaviene (Donata Panaviene), “Vestaka” şirkətinin Baş direktoru
– Litvanın “Vestaka” şirkətinin əsas fəaliyyət istiqaməti yüklərin dəmiryol nəqliyyatı vasitəsi ilə daşınması və digər müvafiq işlərdən ibarətdir. Şirkət artıq 15 ildir ki, sözügedən sahədə çalışır və özünü sabit və etibarlı ekspeditor kimi doğrulda bilmişdir. Şirkətin əsas müştəriləri (Litvada / Litvadan) yükdaşıma ilə məşğul olan yerli müəssisələrdir. Biz Litva, Latviya və Belorus dəmiryol təşkilatları ilə birbaşa müqavilələr imzalamışıq və tərəfdaşlarımız vasitəsi ilə digər ölkələrlə əməkdaşlıq edirik. Şirkətimiz həmçinin avtomobil nəqliyyat vasitələrinin köməyi ilə (yükləri dəmiryol nəqliyyat vasitələrindən boşaltmaqla), eləcə də Klaydpeda limanı vasitəsi ilə Avropadan-Avropaya (dəniz yolu ilə) yükdaşımalar həyata keçirir.
Şirkətimiz öz fəaliyyətini genişləndirmək üçün xaricdə yeni müştəri və bazarların axtarışına maraq göstərir. Bu məqsədə nail olmağın ən səmərəli üsullarından biri də beynəlxalq nəqliyyat sərgilərində iştirak etməkdir. Bu, bizim “TransCaspian” sərgisində ilk iştirakımızdır. Məqsədimiz burada öz xidmətlərimizi təqdim etmək, Azərbaycan bazarının tələb və səciyyəvi xüsusiyyətlərini öyrənmək, habelə potensial müştəri və tərəfdaşlarla əlaqələr yaratmaqdır.
Bizim üstün cəhətlərimizdən biri də istifadəyə tam hazır çatdırma xidmətimizdir. Belə ki, müştəri bizə sadəcə yükü haradan və hansı təyinat məntəqəsinə aparmaq lazım olduğunu bildirir, biz isə optimal sxemi seçərək, bütün prosesi səmərəli və operativ şəkildə həyata keçiririk. Zənnimcə, bizim təcrübəmiz Azərbaycan şirkətlərinin marağına səbəb olacaq. Uzun müddətdir ki, Baltikyanı və Avropa ölkələrindən Azərbaycana yüklər daşınır və sizin ölkənizdən də əks istiqamətdə daha çox yükün daşınması səmərəli və faydalı olardı.