"Azərbaycan Dəmir Yolları" QSC-də Çinin "Çendu beynəlxalq dəmir yolu" MMC-nin baş direktor müavini Zhahg Jingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya bildirib ki, "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ("Orta dəhliz"), Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib.
C.Qurbanov bildirib ki, Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bütün imkanlar səfərbər olunub. Cəmiyyət sədri Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərindən daşınmasına hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşıda duran işlər müzakirə olunub.
Z. Jing Çin məhsullarının Şərqi Avropaya, Yaxın Şərq ölkələrinə, habelə Türkiyə və Gürcüstana çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlı olduqlarını bildirib.