İyun ayının 11-də Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian / Translogistica 2018” sərgisi öz işinə başladı. Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biri olan bu sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və loqistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanıb. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.
Sərginin açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nəqliyyat sektorunun bütün sahələrində, o cümlədən aviasiya, dəmir yolu, dəniz sənayesi sahələrində dövlətin müasir nailiyyətlərini vurğulayıb. O, nazirliyin əsas perspektivli vəzifələri arasında ölkədə etibarlı yüksək sürətli təhlükəsiz nəqliyyat sistemlərinin yaradılması, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat magistrallarının inkişafı, nəqliyyat infrastrukturunun yenilənməsi və multimodal loqistika sistemlərinin təkmilləşdirilməsini qeyd edib. Ənənəvi olaraq, sərgi işgüzar münasibətlərin və dialoqların qurulması, təcrübə mübadiləsi, eləcə də iştirakçılar arasında müqavilələrin imzalanması üçün münasib platforma funksiyasını yerinə yetirir. Cənab R. Quluzadə sərginin təşkilatçılarına təşəkkürünü bildirərək, iştirakçılara uğurlu iş və yeni müqavilələr arzulayıb.
“Iteca Caspian” şirkətinin regional direktoru cənab Edvard Stroon “TransCaspian / Translogistica 2018” və “Road & Traffic 2018” sərgiləri ilə bağlı statistik məlumatları səsləndirib və göstərdikləri rəsmi dəstəyə görə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “TRACECA” layihəsinə təşəkkürünü bildirib.
Bu il “TransCaspian / Translogistica 2018” sərgisində dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Azərbaycan, Yunanıstan, Litva, Rusiya, Belarus, Türkmənistan, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən eksponentlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və s.) təqdim edir.
Sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, eləcə də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Dənizçilik Agentliyi kimi dövlət nəqliyyat strukturları da iştirak edir. Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq, ölkədə loqistika şirkətlərinin sərgiyə marağı əhəmiyyətli dərəcədə artıb. Belə ki, sərgi iştirakçılarının 30%-dən çoxunu debütantlar təşkil edir və bunların arasında dəniz daşımalarını təklif edən şirkətlər: Bakı Quru Limanı, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı; dəmiryol daşımaları: “ADY conteiner” şirkəti; avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar: “APS Solver” şirkəti (Belarus), “Arijus UAB” şirkəti (Litva); hava nəqliyyatı: “Silk Way Group” şirkəti yer alır. Sərgidə bir sıra yeniliklər təqdim edilir.
Sərginin qonaqları arasında Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan dəmir yol şirkətlərinin nümayəndələri, Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (“DYƏT”) və Qazaxıstan Respublikası İnvestisiya və İnkişaf Nazirliyinin nümayəndələri yer alır.
Bu il Bakı Ekspo Mərkəzində “TransCaspian / Translogistica” sərgisi ilə paralel olaraq, hər iki tədbirin reytinqini artıran və ziyarətçilərin əlavə marağına səbəb olan 8-ci Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road and Trafic 2018”) sərgisi də keçirilir.