Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq “Nəqliyyat, tranzit və loqistika” (“TransCaspian 2015”) sərgisinin sonuncu iş günüdür. Builki sərgi iştirakçıların coğrafiyasını genişləndirərək beynəlxalq ictimaiyyətin diqqətini nəqliyyat infrastrukturunun inkişafına yönəltməklə yanaşı, 72 şirkəti bir arada topladı. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.
Qafqaz regionunda sənaye sahəsinin aparıcı tədbiri kimi, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına kömək edən “TransCaspian 2015” sərgisi ənənəvi olaraq dünya bazarında fəaliyyət göstərən şirkətlərin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını göstərdi. Sənaye müəssisələri, investorlar və sahibkarların işgüzar maraqları Şərqi və Qərbi Avropa ölkələrinə çıxmaqla, həm Qafqaz, həm də Rusiya və Baltikyanı regionları əhatə edir. Beləliklə, bu il Fransa, Almaniya, Belorus, Avstriya, İsveçrə və digər ölkələrin nümayəndələri ən yaxşı layihə, məhsul, texnologiya və xidmətlərini “TransCaspian 2015” sərgisinin ziyarətçilərinə təqdim etdilər. Sərgi 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road and Traffic 2015”) sərgisi ilə paralel keçirilirdi və bu da hər iki sərginin peşəkar səmərəsini artırmış oldu.
May ayının 12-də “TransCaspian 2015” sərgisi çərçivəsində “Azərbaycan Dəmir Yolları” (“ADY”) QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 5 ədəd “KISS” markalı ikimərtəbəli elektrik qatarlarının tədarükünə dair müqavilə imzalandı və 2015-ci ilin iyun ayında hər biri 919 sərnişin tutumuna malik olan ilk 2 qatar Azərbaycana gətiriləcək. “ADY” QSC-nin sədri Cavid Qurbanov bildirdi ki, ilk qatarlar Bakı dəmiryol vağzalı ilə metronun “Koroğlu” stansiyası arasında hərəkət etməyə başlayacaq, belə ki, Birinci Avropa Oyunlarının keçirilməsini nəzərə alsaq, bu marşrut üzrə böyük sərnişin axını gözlənilir. Avropa Oyunları başa çatdıqdan sonra isə bu qatarların Sumqayıt, Gəncə və ya Xaçmaz dəmiryol xətləri üzrə istifadə edilməsi planlaşdırılır.
Builki sərgi istər eksponent şirkətlər, istərsə də ziyarətçilər, habelə nəqliyyat və yol inşaatı sənayesi üzrə mütəxəssislər baxımından maksimum məlumatlılıq, mütləq təmaslar və yüksək peşəkarlıq xüsusiyyətlərinə görə fərqlənirdi. Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov sərginin açılış mərasimindəki çıxışı zamanı hər il yükdaşıma və loqistika şirkətləri, hərəkət heyəti (vaqonlar) istehsalçıları, gəmiqayırma şirkətləri və digər təşkilatları bir araya toplayan sərginin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu işdə təşkilatçıların böyük əməyi olduğunu qeyd etdi.
Şübhəsiz ki, hər bir peşəkar sərgi onun Azərbaycan üçün (strateji layihə kimi) rasionallıq və vacibliyi baxımından müəyyənləşdirilir. Bu halda isə “TransCaspian 2015” sərgisi 3 gün ərzində mövcud əlaqələrin genişləndirilməsi və yeni, qarşılıqlı faydalı əlaqələrin qurulması, perspektiv müqavilələrin imzalanması və investisiya qoyuluşu, eləcə də təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi üçün əla imkan yaratdı.
Artıq bu gün “TransCaspian 2015” sərgisinin təşkilatçıları və daimi iştirakçıları bu sərgini Azərbaycan infrastrukturunun inkişafı sahəsində böyük tədbir və regiondakı sərgi layihələri arasında mühüm mərhələ kimi qiymətləndirirlər. Bu isə bir sıra ölkələrdən gələn eksponentlərin sayca artması ilə yanaşı, həm də işgüzar proqramlar, yeni seminarlar, “test-drayvlar” və ustad dərslərinin genişlənməsi deməkdir.
Ənənəvi olaraq, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və “TRASECA” təşkilatı sərgiyə rəsmi dəstək göstərirdilər.