Mattias Ştör (Matthias Stöhr), “Stadler” şirkətinin Qafqaz, Rusiya və Ukraynada marketinq və satış üzrə direktoru
- Elektrik qatarları istehsal edən İsveçrənin “Stadler” şirkəti “TransCaspian 2015” sərgisində debüt etsə də, bir ildən artıqdır ki, Azərbaycan bazarında fəaliyyət göstərir və “Azərbaycan Dəmir Yolları” QSC ilə sıx əməkdaşlıq edir. Bizim şirkət 2014-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC ilə Avropa yollarında hərəkət etmək üçün təkərləri sürətlə dəyişdirilə bilən və Bakı-Tbilisi-Qars-İstanbul marşrutu üzrə hərəkət edəcək 30 ədəd yataqlı vaqonun təmin edilməsi barədə müqavilə imzalamışdır.
Bundan başqa, biz Azərbaycanda özümüzə yaxşı tərəfdaş tapmışıq və onunla birlikdə Gəncə şəhərində vaqonqayırma zavodunu tikməyi planlaşdırırıq. Ötən ilin payız mövsümündə Azərbaycan Respublikasının Prezidenti Zatı-aliləri İlham Əliyevin iştirakı ilə gələcək zavodun təməli qoyuldu. Bu müəssisənin istismara verilməsi sərnişin vaqonlarının tikintisi və əsaslı təmirinə imkan verəcək.
Bu gün sərgi çərçivəsində “Stadler Rail Group” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında Bakı-Sumqayıt dəmir yolunda sərnişindaşıma məqsədilə istifadə olunacaq 5 ədəd ikimərtəbəli, dördvaqonlu sərnişin qatarının tədarükü barədə müqavilə imzalandı.
Azərbaycan bazarı ilə sıx əməkdaşlığımızı nəzərə alsaq, biz Bakıda keçirilən “TransCaspian 2015” kimi mühüm beynəlxalq sərgidə iştirak etməyə bilməzdik. Mən artıq ekspozisiya ilə tanış olmuşam və deyə bilərəm ki, burada nəqliyyatın bütün əsas növləri təqdim olunur. Sərgi çox dolğundur, gözəl təşkil olunub və bəyan edə bilərəm ki, biz gələn il də bu sərgidə iştirak etmək niyyətindəyik.