"TransCaspian" 2016 sərgisinin mətbuat buraxılışı

"TransCaspian" 2016 sərgisinin mətbuat buraxılışı

11 may 2016 0000

 

11-13 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” TransCaspian 2016 sərgisi keçiriləcək. Sərgi ilk gündən etibarən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Bu il özünün 15 illik yubileyini qeyd edən TransCaspian sərgisi keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis olunmasına kömək edən mühüm nəqliyyat forumuna çevrilmişdir. Ənənəvi olaraq, bu sənaye sahəsi üçün TransCaspian sərgisi nəqliyyat bazarı haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi sayılır. 15 il ərzində TransCaspian sərgisində dünyanın 30 ölkəsindən 700-dən artıq şirkət iştirak etmişdir. Sərgi çərçivəsində “Autostar Kaukasus”, “KAMAZ”, “Enerqomaşeksport”, “Stadler Rail Group” və bir sıra digər şirkətlər iri saziş və müqavilələrə imza atmışlar. Həmçinin, sərgi dəfələrlə aktual nəqliyyat problemlərinin müzakirə olunduğu platformaya çevrilmiş və bir sıra beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən “Genişlənən Avropa kontekstində Avrasiya nəqliyyat əlaqələri”, eləcə də “Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və strateji nəqliyyat dəhlizlərinin kəsişməsində Azərbaycanın tranzit ölkə kimi rolu” adlı beynəlxalq konfranslara ev sahibliyi etmişdir.

Yubiley “TransCaspian” sərgisi dünyanın 9 ölkəsini - Azərbaycan, Avstriya, Belarus, Almaniya, Qazaxıstan, Litva, Rusiya, Fransa və Türkiyəni təmsil edən 75 şirkəti bir arada toplamışdır. Ənənəvi olaraq, sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi dövlət nəqliyyat strukturları da iştirak edir. Bu il debütantlar ümumi sərgi iştirakçılarının 40%-ni təşkil olunur və onların arasında “AZ Logistika and Managment Services”, “ADY Express”, “Caspian Marine Services”, Türkiyə Gəmiqayırma Şirkətləri Assosiasiyası, Litvanın “SVEVALA” və üç şirkətlə təmsil olunan “QAZ” şirkətlər qrupu (Rusiya) - Ural Avtomobil Zavodu, “QAZ-Rusiya avtobusları” və “QAZ-kommersiya təyinatlı avtomobillər” şirkətləri yer alır.

Sərgidə yerli və xarici eksponentlər hərəkət heyəti və dəmiryol infrastrukturu, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, eləcə də nəqliyyat-loqistika sektorları üzrə müvafiq texnologiya və avadanlıqları təqdim edirlər. Eyni zamanda, sərgidə “AVP Texnologiya” şirkətinin işgüzar proqramı çərçivəsində “Dəmiryol avadanlıqları” mövzusuna həsr olunmuş seminar keçiriləcək.

Sərginin 15 illik yubileyi ilə əlaqədar olaraq, əlavə tədbirləri ehtiva edən xüsusi proqram da hazırlanıb, belə ki, may ayının 10-da Mərkəzi Nəbatat Bağında Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi - “TransCaspian” sərgisinin iştirakçıları Mərkəzi Nəbatat Bağında istirahət guşəsini quraşdırdılar və bundan sonra şəhər sakinləri gəzinti zamanı bu köşklərdə dincələ biləcəklər.

Daha bir tədbir isə sərginin ilk iş günü keçiriləcək və Azərbaycan Texniki Universiteti “Nəqliyyat” fakültetinə ən yüksək balla qəbul olunmuş tələbəyə xüsusi mükafat təqdim olunacaqdır. Beləliklə, sərgilərin təşkilatçısı qismində çıxış edən “Iteca Caspian” şirkəti ölkənin ali təhsil müəssisələrinə qəbul zamanı fərqlənən tələbələri stimullaşdırmağa davam edir.

Sərgi təşkilatçısı “Iteca Caspian” şirkəti əl sənətkarlığının inkişafını daim dəstəkləmişdir.  Bakı Ekspo Mərkəzinin foyesində yerləşən Azərbaycanlı usta Rövşən Ənsarinin əl işlərindən ibarət sərgi ziyarətçilər üçün əsl sürpriz olacaq. Bu sərgidə müxtəlif növ, dövr və ölkələrə aid olan gəmi modelləri, eləcə də müxtəlif buxar lokomotivləri (parovozlar) və təyyarə modelləri nümayiş olunacaq. Rövşən Ənsari gəmilərin modelləşdirilməsi və layihələndirilməsi kimi ən əyləncəli hobbi ilə yanaşı, tanınmış tarixi buxar lokomotivləri, təyyarə və digər nəqliyyat vasitəsi modellərindən ibarət kolleksiya toplayır. Usta öz şah əsərlərini Bakıdakı adi mənzilində yaradır, lakin onun hər bir yaradıcılıq nümunəsi keyfiyyət, gözəllik və mükəmməlliyin vəhdətini təşkil edir. Usta tarixi gəmilərin konstruksiyasını suyadavamlı taxtalardan hazırlayır, gəminin detallarını isə zərgərlərə sifariş verir, belə ki, adətən, bu detallar dəyərli metallardan hazırlanır. Rövşən Ənsari artıq 15 ildir ki, bu maraqlı işlə məşğul olur. KİV vasitələri sayəsində Admiral Nelsonun “Viktoriya” gəmisinin dəqiq maketi, ikinci dünya müharibəsinin ən tanınmış gəmilərindən biri olan “Bismark” döyüş gəmisi və ustanın digər əsərləri artıq Bakının hüdudlarından kənarda da yaxşı tanınır. İndi onun əl işləri ilk dəfə olaraq böyük auditoriya qarşısında nümayiş olunacaq və onlar bu əl işlərini əyani surətdə görə biləcəklər. Həmçinin, sərgi mərkəzinin foyesində Azərbaycan markalarından ibarət sərgi də yerləşir. Bütün markalar “Azərmarka” şirkəti tərəfindən təqdim olunur və “Nəqliyyat və loqistika” mövzusuna həsr olunub. Bundan başqa, təqdim olunan markalar arasında təşkilatçıların əvvəlcədən elan etdikləri (nəqliyyat mövzusu üzrə) ən maraqlı marka müsabiqəsində iştirak edən sərgi ziyarətçilərinin kolleksiyalarına aid markalar da yer alır. Beləliklə, sərginin 15 illik yubileyinə həsr olunmuş əlavə tədbirlər öz koloriti və rəngarəngliyi sayəsində bayram ab-havası yaradacaq. “TransCaspian” sərgisi 6-cı Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” “Road & Traffic 2016” və 3-cü Xəzər Beynəlxalq “Kater və Yaxtalar” “CIBS 2016” sərgiləri ilə eyni platformada keçirilir.

Ölkənin nəqliyyat sektoru ən perspektivli sahələrdən biridir. Hal-hazırda, Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici bölgəyə çevrilməsinə kömək edən “Şimal-Cənub”, “Transxəzər beynəlxalq nəqliyyat marşrutu”, multimodal “Vikinq” layihəsi və “Bakı-Tbilisi-Qars” kimi irimiqyaslı nəqliyyat layihələri yüksək templərlə həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev 2015-ci ilin dekabr ayında nəqliyyatı idarəetmə sistemlərinin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun nəqliyyat xidmətlərinin genişləndirilməsi, sərnişindaşımaya nəzarətin gücləndirilməsi, nəqliyyatdakı hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədi ilə nəqliyyat sahəsində islahatların keçirilməsinə istiqamətlənmiş əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Nəqliyyat sahəsində çalışan yerli və xarici şirkətlərin sərgiyə göstərdikləri maraq da bunu bir daha sübut edir. TransCaspian 2016 sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüş, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli dövlət infrastruktur layihələri ilə yaxından tanışlıq, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından unikal imkan yaradır.

Sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən dəstəklənir. TransCaspian 2016 sərgisinin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edilər. 2016-cı ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Sheraton hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.

 


Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN