11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi keçiriləcək. Sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. Sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır.
Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “TransCaspian/Translogistica” sərgisi Böyük Britaniyanın “ITE Group” şirkətlər qrupu tərəfindən təşkil olunan “TransRussia” (Moskva), “TransPoland” (Varşava), “TransUzbekistan” (Daşkənd), “TransUkraine” (Kiyev) və “TransKazakhstan” (Almatı) kimi ixtisaslaşmış nəqliyyat-logistika sərgiləri, eləcə də “BreakBulk” beynəlxalq sərgilər (Antverpen, Hyuston, Şanxay, Əbu-Dabi, Kuala-Lumpur) və digər tədbirlər silsiləsinə daxildir.
Bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Azərbaycan, Belarus Respublikası, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan, və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və s.) təqdim edir. Sərgidə ticarət şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edirlər. Qeyri-neft sektorunun artması ilə əlaqədar olaraq, respublikada logistika şirkətlərinin sərgisinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Sərgi iştirakçılarının 30%-dən çoxunu debütantlar təşkil edir və onların arasında dəniz daşımalarını həyata keçirən şirkətlər (Abşeron Logistika Mərkəzi, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı), dəmir yolu daşımaları sahəsində ixtisaslaşan şirkətlər (“ADY Container”), avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə şirkətlər (Belarusun “APS Solver” şirkəti, Litvanın “Arijus UAB” şirkəti), hava nəqliyyatı şirkətləri (“Silk Way Group” şirkəti) yer alır. Sərgidə bir sıra yeniliklər təqdim olunacaq, belə ki, “AzRusTrans” şirkəti tranzit daşımalar üzrə alternativ imkanları nümayiş etdirəcək, “Texnovotum” şirkəti isə ziyarətçilərə avtomatlaşdırılmış lazer skaneri və defektoskopiya kimi məhsullarını təklif edəcəkdir.
Sərginin işgüzar proqramı çərçivəsində yük daşıyıcıları və yük sahibləri, hərəkət heyətinin sahibləri və Dənizçilik sənayesində çalışan şirkətləri arasında ikitərəfli görüşlər keçiriləcəkdir. Tədbirin məqsədi iştirakçı şirkətlərə yerli şirkətlər ilə tanış olmaq, yeni məhsul və xidmətləri təqdim etmək, yeni iş imkanlarını araşdırmaq, potensial müştərilər tapmaq və biznes mübadiləsi imkanı təqdim etməkdir
Sərginin ziyarətçiləri arasında bir neçə nümayəndə heyəti də var, belə ki, builki sərginin qonaqları arasında Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanın dəmir yolu şirkətlərinin nümayəndələri, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (“DYƏT”) və Qazaxıstan Respublikası İnvestisiya və İnkişaf Nazirliyinin nümayəndələri yer alır.
Beləliklə, “TransCaspian/Translogistica” sərgisi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, eləcə də yeni işgüzar müqavilələr imzalamaq üçün yük sahibləri, sənaye müəssisələrinin rəhbərləri, avtomobil parklarının sahibləri və müvafiq profilli sektorları təmsil edən digər maraqlı tərəflərlə görüşmək üçün unikal imkandır.